Şərq Bazarı”nın ilkin layihələndirilməsi 1980-ci illərin məşhur memarları Uruzmaq Revazov, Pavel Yarinovski və Anatoliy Bessonov tərəfindən icra olunub. Kompleks 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzdən ibarətdir.
Layihələndirilməsinə 1978-ci ildən başlanılmış kompleksin tikintisinə 1980-ci ildə start verilib və 1982-ci ildə bazarın rəsmi açılışı olub. İlkin olaraq kompleks bazar kimi fəaliyyət göstərib.Nazirlər Kabinetinin qərarı əsasında respublikanın tarixi memarlıq abidələri siyahısına daxil edilib
Nadir memarlıq üslubuna görə, “Şərq Bazarı” 2001-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilsə də, 2017-ci ildə aparılmış əsaslı müayinə işləri nəticəsində aşkar edilmişdi ki, fərqli təyinatlı ticarət obyektlərinin fəaliyyəti, kor-təbii formada həyata keçirilən davamlı istismar və baxımsızlıq binada ciddi zədələnmələrə, çatlara, aşınmalara, korroziyaya və deformasiyalara səbəb olub. Məhz bunları nəzərə alaraq kompleksin istismar göstəricilərini yaxşılaşdırmaq, davamlılığını artırmaq, normal işləmə qabiliyyətini təmin etmək məqsədilə mühəndis tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Əsaslı müayinədən sonra dərhal detallı layihələndirmə prosesinə başlanılıb və 2020-ci ildə bərpa işlərinə start verilib.
Layihənin bərpası zamanı ilk növbədə bazarın beynəlxalq bərpa normativlərinə görə orijinal layihəsinə qaytarılması və müasir standartlara uyğun yenidən xalqın istifadəsinə verilməsi nəzərdə tutulub.
Bərpa zamanı layihə komandasının qarşısında duran əsas vəzifələr ilkin konsepsiyanın qorunması və xüsusi elementlərin saxlanılması olub. Kompleksdə yenidənqurma zamanı yerli materiallardan maksimum istifadə edilib, həmçinin müasir texnologiya və avadanlıqların tətbiqinə xüsusi diqqət yetirilib.
“Şərq Bazarı”nın girişində kiril əlifbası ilə yazılmış orijinal yazı eyni kalliqrafiya inkişaf etdirilərək latın əlifbasına dəyişdirilib, daxildəki işarə və başlıqlar bazarın üslubuna uyğun yenidən dizayn olunub. Kompleksin əsas atributu olan gümbəzlər müxtəlif iaşə obyektlərinin təyinatına görə dizayn edilib.
Bazarın orijinal təyinatı ilə yanaşı, müasir tələblərə uyğun yeni iaşə məkanlarının yerli və əcnəbi turistlərin daimi görüş yerinə çevrilməsi düşünülür. Bazara gələcək alıcıların rahatlığını təmin etmək üçün zərgərlik, əl işləri yarmarkaları, “Sandıqca” incəsənət nümunələrinin satışı bölməsi, “Tamaşa”, qəlyanaltılar, kafe və restoranlar, “Sehrli bazar”, emalatxanalar və sair bölmələrin hər biri ayrıca gümbəz və hissələrdə cəmləşdirilib.